Qarabağın taleyini diplomatlar yox, Azərbaycan əsgəri müəyyənləşdirəcək!

10 Oktyabr 2020 11:22    1223 Baxış   
Qarabağın taleyini diplomatlar yox, Azərbaycan əsgəri müəyyənləşdirəcək!

Əsgərin vəzifəsi - vuruşmaq, diplomatın işi - danışmaqdır!

Azərbaycan əsgərinin 13 gün ərzində göstərdiyi şücaətin diplomatlarımızın əlini necə gücləndirdiyi ortadadır və Qarabağ məsələsində indiyədək mövcud olan status-kvonu da artıq kökündən dəyişib: dünən bizə şərt diktə edən bu gün şərtimizə boyun əyir!

Proseslərin gedişi ilə bağlı gözlədiklərimizin, təxmin etdiklərimizin, əvvəlcədən hesabladıqlarımızın hamısı bircə-bircə baş verir və bizi təəccübləndirmir...

Rusiyanın bölgədəki təsir imkanlarını nümayiş etdirməyə hesablanmış məlum "Moskva görüşü" də bu sıradadır və tələsik nəticə çıxarıb ictimai rəyi yanlış istiqamətə yönləndirmək yolverilməzdir.

Əlbəttə, Rusiyanın vasitəçiliyi ilə Moskvada Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında atəşin müvəqqəti saxlanması haqda razılaşmaya bizdə verilən təbii sərt reaksiyalar - etirazlar anlaşılandır və bir daha Azərbaycan cəmiyyətinin savaş əzmini, iradəsini, yüksək döyüş ovqatını düşmənə, eləcə də vasitəçi dövlətlərə göstərmək sarıdan çox yaxşıdır.

Bizdəki bu ictimai ovqat təslimçi yalvarışlarla beynəlxalq vasitəçilərin ayağına düşmüş Paşinyan hakimiyyətinin danışıqlar stolu arxasında da sındırılıb geri çəkilməsinə rəvac verməklə yanaşı, vasitəçilərin də bundan sonra ədalətli mövqe tutmayacaqları təqdirdə, hadisələrin inkişafının qarşısını ala bilməyəcəklərinin ciddi siqnalı olmalıdır!

Ancaq eyni zamanda hansısa qüvvələrin bu prosesdən yararlanaraq, son 13 gün ərzində ölkəmizdə yaranmış birliyi, həmrəyliyi, yüksək döyüş əhval-ruhiyyəsini pozmalarına, ictimai rəyi bilərəkdən yanlış istiqamətlərə çəkmələrinə də imkan yaratmamalıyıq!

Nəzərə almalıyıq ki, içdəki-çöldəki düşmən marığa yataraq, bizi ruhdan salmaq üçün belə bir fürsət axtarır!

Əvvəla, bilməliyik ki, tərəflər arasında əldə olunan razılaşma "texniki atəşkəs" razılaşmasıdır, Rusiyanın gələcək danışıqlardakı dominant mövqeyini göstərməklə yanaşı, Ermənistan tərəfinin israrlı yalvarışları ilə baş tutub, humanitar məqsədlidir və müvəqqəti xarakter daşıyır: döyüş meydanından meyidlərin və yaralıların çıxarılmasına, əsirlərin dəyişdirilməsinə və tərəflər arasında sonrakı mərhələdə məslənin danışıqlar yoluyla həllinə nail olunmasına hesablanıb!

Bu, heç bir halda cəmiyyətə hansısa qalıcı "sülh razılaşması" kimi sırına və yedirdilə bilməz!

Qarabağın taleyini də diplomatlar yox, döyüş meydanında Azərbaycan əsgəri müəyyənləşdirəcək!

Cəmi bircə atəş istənilən atəşkəsi kəsmək və danışıqlara nöqtə qoymaq gücündədir! Bunu hər kəs bilməlidir!

Elxan Şükürlü



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar