Vətənin torpağında yağı izi qalmasın!

25 Oktyabr 2020 13:48    998 Baxış   
Vətənin torpağında yağı izi qalmasın!


Dominant.az
Rusiyanın Belqorod şəhərində yaşayan azərbaycanlı şairə Gülnarə Acalovanın (NAR ÇİÇƏYİ) yeni şeirini təqdim edir:

MÜHARİBƏ OLMASIN...

Nə olar, ay Allahım,
Müharibə olmasın!
Şəhidlərin qanıyla
Torpağım yoğrulmasın!
Anasına baxmasın,
Oğul məzar daşından!
Ayırma, ay Allahım,
Bacını qardaşından!
Qara xəbər heç kəsin,
Qapısını döyməsin.
Bala dərdi atanın
Şah qəddini əyməsin.
Qayıtsın evlərinə,
Sağ-salamat əsgərlər.
Düşmənə qəbir olsun
Qazdıqları səngərlər.
Qələbə sədaları
Ucalsın asimana.
Millətimə kəc baxan,
Qoy, qalsın yana-yana.
Vətənin göylərini
Qara bulud almasın.
İgid Şəhidlərimin,
Qanı yerdə qalmasın.
Nə olar, ay Allahım,
Ağlamasın analar.
Qara kəlağayılı
Dolanmasın sonalar.
Körpənin baxışından,
Yetimlik oxunmasın.
Qızların qismətinə
“Qara bənd” toxunmasın.
Eşit Nar Çiçəyinin,
Duasını, Allahım!
Doyubdu göz yaşından,
Çölüm,çəmənim, dağım.
Vətənin torpağında,
Yağı izi qalmasın.
Bir də Azərbaycanda
Müharibə olmasın!

23.10.2020



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar